
TARİXİ TƏHSİL OCAĞI: İRƏVAN AZƏRBAYCANLI PEDAQOJİ MƏKTƏBİ
Özet
İrəvanda pedaqoji təhsilin inkişafı tarixi pedaqoji fikir tariximizin tərkib hissəsi kimi öz zənginliyi ilə seçilir. XIX əsrin sonlarından başlayaraq Qərbi Azərbaycanın, o cümlədən Azərbaycanın müxtəlif şəhərlərindən, xüsusilə Naxçıvandan xeyli sayda gənclər İrəvan Müəllimlər Seminariyasında təhsil aldıqdan sonra təyinatı üzrə müxtəlif bölgələrdə pedaqoji fəaliyyət göstərib, məktəblər açıb, pedaqoji təhsilin zəruriliyini daha da artırmışlar. İrəvanda pedaqoji kadrların hazırlanmasında İrəvan Müəllimlər Seminariyası ilə yanaşı qabaqcıl fikirli ziyalıların milli təəssübkeşliyi və onların açdığı dünyəvi məktəblərin də xüsusi rolu olmuşdur. 1918-1920-ci illərdə Qərbi Azərbaycanda erməni daşnakları tərəfindən soydaşlarımıza qarşı həyata keçirilən qanlı aksiyalar zamanı həmin təhsil müəssisələrinin də fəaliyyəti dayandırıldı. İrəvanda Azərbaycan ədəbi-mədəni həyatı da tamamilə tənəzzülə uğradı. Qərbi Azərbaycanda sistemli milli pedaqoji təhsil 1920 ci il noyabr ayının 29-da Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra 1924-cü ildə İrəvan Azərbaycanlı Pedaqoji Məktəbinin yaradılması ilə yenidən başlanmışdır. Qərbi Azərbaycanda artan yeni tipli sovet məktəblərinin milli pedaqoji kadrlara olan tələbatının ödənilməsində bu təhsil ocağının müstəsna xidmətləri olmuşdur. Pedaqoji təhsilin yayılması və inkişafında Mehdi Kazımov, Bülbül Kazımova, Bəhlul Yusifov, Həbib Məhəmmədzadənin və digər maarif xadimlərinin müstəsna rolu olmuş, pedaqoji kadrların yetişdirilməsində səmərəli fəaliyyət göstərmişlər. Qərbi Azərbaycanda pedaqoji təhsilin inkişafında İrəvanda Azərbaycan dilində nəşr edilən, müxtəlif vaxtlarda ayrı ayrı adlar altında çıxan mərkəzi mətbuat orqanları “Zəngi”, “Qızıl şəfəq” və “Sovet Ermənistanı” qəzetlərinin də səfərbəredici təsiri olmuşdur. 100 illik yubileyini qeyd etməyə hazırlaşdığımız İrəvan Azərbaycanlı Pedaqoji Məktəbi olduqca çətin və şanlı yol keçmişdir. İrəvan Azərbaycanlı Pedaqoji Məktəbinin 100 illik yubileyi münasibəti ilə ərsəyə gətirdiyimiz bu kitabla həm qürur hissi keçirir, həm də məmnunluq hissi duyuruq ki, belə bir təhsil ocağının tarixi haqqında yazmaq məsuliyyəti bizlərə nəsib oldu. Buna görə də böyük həvəs və məhəbbətlə yazdığımız bu kitab İrəvan Azərbaycanlı Pedaqoji Məktəbinin 100 illik yubileyinə ən böyük ehtiramın nümunəsidir.


